Şervud meşəsindən Uoll-Stritə: Uşaq ədəbiyyatında mövcud olan iqtisadi anlayışlar
Makroiqtisadiyyat uşaq oyunu olmasa da, uşaq ədəbiyyatının mövzusu ola bilər. Əksər insanın distributiv ədalət mövzusu ilə ilkin tanışlığının Robin Hudun Nottinqem şerifinə qarşı şiddətlə mübarizə aparması olduğunu söyləmək heç də şişirtmə olmazdı. Tom Soyyerin sahibkarlıq fəaliyyəti, yaxud da Uzuncorab Pippinin kağız pullara (atasından anlaşılmaz şəkildə əldə etdiyi bərk qızıl sikkələrdən fərqli olaraq) etinasız yanaşması daxil olmaqla, digər kitablarda da bir çox iqtisadi istinadlar mövcuddur.
Azadlıq naminə Fridrix Naumann Fondunun apardığı yeni araşdırmada uşaq və gənclər üçün nəzərdə tutulmuş kitablarda iqtisadi mövzuların necə işləndiyinə daha yaxında nəzər salınır. Hans Yurqen Şlosser, Maykl Şuxen və Helen Şlosser Devid Kopperfild və Tom Soyyer kimi klassiklərlə yanaşı, son zamanların bestseller əsərlərini və elmi ədəbiyyatı araşdırırlar. Onların üç əsrlik uşaq və gənc ədəbiyyatını araşdırması nəticəsində, ümumi mövzular, köhnəlmiş klişelər və iqtisadi mövzuların pedaqoji cəhətdən diqqətəlayiq şəkildə işlənməsinə dair müxtəlif nümunələr ortaya çıxmışdır. Beləliklə, araşdırmanın tam versiyası yalnız iqtisadiyyatın didaktikası ilə maraqlanan şəxslər üçün deyil, eyni zamanda uşağı üçün münasib ad günü hədiyyəsi axtarışında olan valideynlər üçün də faydalı nümunədir.
“Uşaq və gənc ədəbiyyatı erkən yaşlarda iqtisadi dünyagörüşünü formalaşdırır”, - deyə araşdırmanın müəllifləri fikirlərini yekunlaşdırıblar. Mənfəət, var-dövlət, rəqabətə münasibət ilk növbədə ədəbi qəhrəmanların mənfi obrazlarla qarşılaşmalarındakı reaksiya zamanı formalaşır. Bir çox hallarda iqtisadi anlayışlar yalnız ibtidai formada nəzərdən keçirilir: pul sadə yolla əldə olunur və sərvətin ucu-bucağı yoxdur.
Digər kitablar isə çox daha ibrətamiz xarakter daşıyır. Məsələn, Çarlz Dikkensin şah əsəri sayılan "Devid Koperfild"də 19-cu əsrdə mövcud olan sosial və iqtisadi şərait incəliklə təsvir edilir, "Robinzon Kruzo"da isə insan ixtirası və texnoloji tərəqqi mədh olunur. Bənzər şəkildə, "Harri Potter", "Mulli Mun" və "Sehrli çiçək dükanı"nda valyuta konvertasiyaları, satınalma müqavilələri və iqtisadi qarşılıqlı əlaqənin bir çox digər nümunələri müzakirə olunur.
Son zamanlarda, ədəbi əsərlər aydın şəkildə tərbiyəvi məqsəd daşıyan bədi ədəbiyyat nümunələri ilə zənginləşir. Məsələn, iqtisadçı jurnalist Nikolaus Payper gənc oxucuları əlaqəli yanacaqdoldurma məntəqəsindən birjaya aparır, Lara Brayn və Endi Prentis isə onları Nobel mükafatı laureatı iqtisadçı Elinor Ostrom və ümumi mülkiyyət ilə tanış edir.
Valideynlər və müəllimlər saysız-hesabsız seçim qarşısında qalırlar.
"Əsərlərin bəzilərində azad bazarlar dəstəklənsə də, digərlərində isə kapitalizm və qloballaşma son dərəcə tənqid olunur",- deyə müəlliflər qeyd edirlər. “Sonuncu halda, biznesmenlər tənqidi və xoşagəlməz ifadələrlə təsvir olunur. Bu kimi hallarda, illüstrasiyalar çox vaxt siqaret çəkən biznesmen klişesinə istinad edir. Var-dövlət və qazanc qanuni yolla əldə edilib-edilməməsinə görə mühakimə olunur”.
Erkən uşaqlıq dövründə uşaqları ideya və anlayışlarla tanış etməyin vacibliyini vurğulayan araşdırmanı nəzərə alaraq, bu hekayələrə ciddi yanaşmaq lazımdır. Sahibkarlıqla bağlı klişelərlə dolu hekayələr irəliləyən yaşlarda uşaqlarda azad bazarlara qarşı düşmənçiliklə nəticələnə bilər. Bunun əksinə olaraq, erkən yaşda iqtisadi anlayışların ətraflı şəkildə başa düşülməsi sonradan böyük gəlirlər gətirə bilər. Nəticə olaraq, iqtisadi savad sehrbazlıq deyil.
Bu məqalə Azadlıq naminə Fridrix Naumann Fondunun icazəsi ilə istifadə edilib.