99 sent dəyərində Ananasın Yaratdığı Qlobal Bazar Möcüzəsi
İl ərzində bir neçə dəfə yerli ərzaq mağazamda 99 sentə bütöv təzə ananaslar reklam olunur. Yəqin ki, vəziyyət sizdə də bu cürdür. Ananası hər görəndə, bəşəriyyətin inkişaf tarixi qarşısında heyrət hissi keçirirəm.
Ananasın kəşfi yeni hadisə deyil. O, ilk dəfə minilliklər əvvəl Cənubi və Mərkəzi Amerikada Mayya və Aztek xalqları tərəfindən yetişdirilmişdir. Tainoslar, e. ə. təxminən 250-ci ildə Karib dənizinə köç etdikləri zaman ananası da özləri ilə bərabər gətirmişdilər. Avropalılar və Şimali Amerikalılar bu qızılı təamı müstəmləkəçilik dövrünə və məhsulların, mətbəxlərin dünya miqyasında yenidən bir araya gətirilməsi ilə baş tutan "Kolumb Mübadiləsi"nə qədər sınamamışdılar. Həmin qısa zaman kəsiyi Yeni Dünya məhsullarının Avropa xalqlarına ötürülməsinə şahidlik edir. Onlar bu məhsulları başqa cür təsəvvür edə bilməyəcəyimiz tərzdə mənimsəyirlər: İrlandiyalılar ilk dəfə kartofu, İtalyanlar isə ilk pomidor sınayır.
Ananaslar ilk dəfə Avropa və Şimali Amerikaya idxal olunduğu zaman təəccübləndirici dərəcədə baha idi. Onlar Karib dənizindən soyuducu istifadə edilmədən göndərilir, tez xarab olur və asanlıqla zədələnirdilər. Bir ananasın qiyməti 8000 dollara qədər (müasir dollar dəyərində) yüksəlirdi.
Ananaslar çox vaxt saatlıq icarəyə verilirdi. Onlar çox nadir rast gəlinən, bahalı və dəyərli məhsullar idi. Ananaslar əhəmiyyətli şəxslərə hədiyyə kimi verilir və yaxud qonaqların onların ekzotik qəribə görünüşlərinə heyran olacağı dəbdəbəli şam yeməyi və ya digər tədbirlər üçün əsas bəzək elementi kimi istifadə olunurdu. İnsanlar statusun iddialı nümayişi kimi meyvələri özləri ilə daşıyır, yaxud da onu diqqətlə oyaraq forma verirdilər. Onlar yemək üçün həddindən artıq dəyərli idilər. Meyvə dəfələrlə icarəyə verildikdən sonra tam yetişdiyi zaman yalnız kimsə onun dadına baxa bilərdi.
Ananaslar dəbdəbə və zənginlik ilə o qədər sıx əlaqələndirilirdi ki, çox keçmədən, qab-qacaqlar, parçalar, mebel və memarlıq abidələri ananas motivləri əsasında hazırlanırdı. Yemək masanızda yer alan ananas ev sahibinin heç bir məsrəfdən qaçınmadığının işarəsi olduğuna görə, onun fərqli forması tez-tez qonaqlar üçün nəzərdə tutulan əşyalarda (çarpayının sütunları, əl dəsmalları, şamdanlar, giriş qapılarında) nəzərə çarpırdı. Bu, qonaqların zənginlik içində qarşılanması mənasına gəlirdi.
Təzə meyvəyə üstünlük verməyən həvəskarlar ekvatorial plantasiyanın yaxınlığında daha uzun müddət davamlı formada mühafizə edilmiş ananans məhsullarını sınaqdan keçirə bilərdilər. Kristallaşmış və yaxud qurudulmuş ananas, habelə ananasdan hazırlanmış içkilər orta burjuaziyanın kulinariya kitablarına daxil edilməyə başladı.
Mülayim iqlimə malik Avropada ananas yetişdirilməsi əsl kənd təsərrüfatından daha çox elit insanların hobbisi idi. İlkin təcrübədə hətta bir neçə ədəd ananas istehsal etmək üçün olduqca çox səy və xərc tələb olunurdu. 1723-cü ildə "Chelsea Garden"-də bir nümunənin istehsalı üçün sobalarla qızdırılan nəhəng istixanalara ehtiyac duyulmuşdu. Versalda fəaliyyət göstərən saray bağbanları on ildən sonra məhsul yetişdirə bilmişdilər. Növbəti 70 il boyunca müxtəlif ingilis aristokratları kənd ərazilərində qızdırılan şüşədən "ananas istixanası" inşa etmişdilər, lakin onların əksəriyyəti meyvələrin yetişdirilməsinə müvəffəq ola bilmədi.
18-ci əsrin əvvəllərində ananas istehsalı o zamanlar İngiltərənin ərazi iddia etdiyi Yamayka plantasiyalarına köçürüldü, burada əsarət altında olan afrikalılar son dərəcə amansız şəraitdə meyvə yetişdirib toplayırdılar.
Müəssisə səviyyəsində istehsala Havayda da nail olundu və daha ucuz torpaq və işçi qüvvəsi hesabına istehsal xərcləri aşağı düşmüşdü, bunların hər ikisi yerli Havay əhalisinə baha başa gəldi. Avropa və Asiyadan gələn immiqrantlar ixrac üçün meyvə əkib yetişdirib toplamağa razı idilər.
Ananas bəzi digər meyvələr kimi yığıldıqdan sonra yetişməyə və yaxud şirinləşməyə davam etmir və onları yaşıl rəngdə olarkən yığmaq (daşınmaları üçün) dadlarının korlanmasına səbəb olur. Daha qısa məsafəli daşınma meyvələrin nisbətən böyük hissəsinin satıla bilən vəziyyətdə əsas bazarlara çatdırılmasına imkan verirdi və bu, bəzi bölgələri, o cümlədən Havayı əlavə rəqabət üstünlüyü ilə təmin edirdi.
19-cu əsrin sonlarında ananasın yetişdirildiyi yerlərə qabaqcıl konservləşdirmə texnologiyasının gətirilməsi qaçınılmaz idi. Bir neçə şirkət buna cəhd göstərmişdi. Nəhayət, meyvənin çox zədələnmədən və xarab olmadan təzəyə yaxın formada çatdırılıması mümkün oldu. Lakin ABŞ-ın Havay mallarına tətbiq etdiyi yüksək rüsumlar konserv zavodlarının qazanc əldə etməsinə mane olurdu. Qabaqcıl şirkətlər bir-birinin ardınca bağlandı.
1898-ci ildə ABŞ Havay adalarını ilhaq etdi və qısa müddətdən sonra Ceyms Dol adında 22 yaşlı sahibkar meydana çıxdı. O, uğurlu ananas istehsalçısı oldu, lakin bu şəraitdə uğurlu olmamaqdan söhbət gedə bilməzdi. Ceymsi "Ananas Kralı" edən şey qabıqların təmizlənməsi və emal prosesinin mexanikləşdirilməsi (avadanlıqların dəqiqədə 100 ananas istehsal etdiyi güman olunurdu), habelə ABŞ ilə sələflərindən daha əlverişli ticarət əlaqələrinə sahib olması idi.
Qısa müddət ərzində Havay bazarda (xüsusilə də, ananas satışında) o qədər üstünlük təşkil etdi ki, indi hər şeyi "ananas ehtiva edir" ifadəsi yerinə "Havay istehsalı" adlandıra bilərdik. İstehsalın maksimum səviyyədə olduğu vaxt, dünyadakı ananas istehsalının 80 faizi Havayın üzərinə düşürdü; indi bu rəqəm 10 faizdən də aşağıdır. "Dole Food" şirkəti hələ də dünyanın ən böyük ananas istehsalçılarından biri olaraq qalsa da, orijinal plantasiya ananas temalı turistik məkana çevrilmişdir. Bu, turizmin sənayenin əsasını təşkil etdiyi əyalətdə ən çox baş çəkilən ikinci yerdir - ən çox ziyarət edilən ilk yer Pörl-Harbora yerləşən İkinci Dünya müharibəsi abidəsidir.
Son 20 il ərzində ananas istehsalı mükəmməl iqlim və münasib xərclərin düzgün birləşməsini təklif edən yerlərə, yəni Kosta-Rika, İndoneziya, Tayland və Filippinə keçid etdi. Bəziləri üçün plantasiyalarda verilən maaşlar aşağı görünsə də, ananas yetişdirilməsi və emalı bu işlə məşğul olanlar üçün bu, ümumiyyətlə ən yaxşı seçimdir (bu, meyvənin sağlam düşüncənin əksinə qat-qat baha olduğu müstəmləkə və köləlik zamanında deyə biləcəyimizdən daha çoxdur).
Ananas ticarəti hazırda sənaye baxımından çox inkişaf etmişdir. Meyvənin yetişməsi üçün — yetişmiş bananların buraxdıqları ilə eyni kimyəvi maddələr yığımdan bir həftə əvvəl məhsula əlavə edilir. Gəmilərdə, təyyarələrdə və yük maşınlarında soyutmalı daşınma konteynerləri onların bütöv çox az göyərmə və ya çürümə izi ilə təzə olaraq dünyaya çatdırılmasına imkan verir. Ərzaq mağazalarında konservləşdirilmiş və qurudulmuş, təmizləmmiş və hazır çeşidlərlə yanaşı bütöv, təzə ananaslar da satılmaqdadır. Hazırda dünyanın demək olar ki, hər yerində ananasın dadına baxmaq istəsəniz, onu bir dollardan da aşağı qiymətə əldə edə bilərsiniz.
Bir zamanlar yuxarı təbəqənin istehlakı üçün nəzərdə tutulan ananaslar (sənaye prosesinin təkmilləşdirilməsi, ixtisaslaşma və ananas yetişdirməsində cüzi üstünlükləri olan bölgələrə köçürülmə sayəsində) artıq demək olar ki, hər kəs üçün əlçatan oldu. Keçmiş əsrlərin ən simvolik zövqlərinin müasir dövrdə adi və uyğun qiymətli hal almasını hər zaman ixtisaslaşma və bazar innovasiyalarına borcluyuq.
Bu məqalə Laura Williams və Amerika İqtisadi Tədqiqatlar İnstitutunun icazəsi ilə istifadə edilib və "Creative Commons Attribution 4.0 International License" ilə lisenziyalaşdırılıb. Məqalənin orijinalını burada tapmaq mümkündür.