Nə üçün öz işinizinin sahibi olmaq daha yaxşıdır?
Hətta sahibkarlar da özlərindən yuxarı səviyyədə olan kiməsə tabe olurlar.
Sahibkarlıq kapitalizmin bəlkə də ən yaxşı xüsusiyyətlərindən biri hesab olunur. Əgər siz nə iş gördüyünüzü bilirsinizsə, kifayət qədər pul qazanmağınız mümkündür və bu zaman işəgötürənin sizə nə etməyinizi söyləməməsi kimi böyük azadlığa sahib olursunuz. Siz biznes qurmağın yeni yollarını sınaya, öz məhsulunuzu yaradıb bazara çıxara və yaxud sadəcə olaraq cəmiyyət daxilində keyfiyyətli işlər və etibarlı xidmətlər təmin edə bilərsiniz.
Yadda saxlamaq lazımdır ki, burada bir qədər nəzərdən keçirilməli olan sahibkarlığın kommersiya baxımından cəlbedici keyfiyyəti mövcuddur və bu, "öz işinizin sahibi olmaq" konsepsiyasıdır.
Konsepsiya olduqca sadədir. Menecerə hesabat vermək əvəzinə, sahibkar kimi siz özünüz məsul şəxs olursunuz. Beləliklə, yuxarıda qeyd olunduğu kimi siz heç kəsə tabe olmursunuz. Biznesinizi özünüz hərtərəfli idarə edirsiniz. Müdiriniz olmur. Siz özünüz müdir olursunuz.
Bu düşüncə tərzinin mürəkkəbliyini sadə bir nümunə ilə göstərmək olar. Təsəvvür edin ki, siz şirkətinizin şokolad kremli tort istehsal etməsinə qərar verdiniz. Bəlkə də, siz uşaqlıqda palçıqdan tort hazırlamağı çox sevirdiniz və hər zaman bu arzunuzu biznesə çevirməyin xəyalını qurmusunuz. Əvvəlki iş yerinizdəki müdiriniz şokolad kremli tort istehsalına icazə verməzdi (aydındır ki, o bu işdə potensial görümürdü). Amma indi öz işinizin sahibi olduğunuzdan biznesinizi istədiyiniz kimi idarə etmək üçün tam azadlığa sahibsiniz.
Ya da bu, belədirmi?
Görünür ki, bu, tam doğru deyil. Əlbəttə, siz şokolad kremli tortları satmağa cəhd edə bilərsiniz, bəs əgər istehlakçılar onları almaq istəməsə, nə edəcəksiniz? Böyük ehtimalla, sizin icarə haqqı, təchizat və maaş kimi ödəməli olduğunuz xərcləriniz var. Gəlir olmadıqda, bu kimi xərclər sürətlə yığılır və siz tezliklə ya yeni istehsal xəttinə keçmək, yaxud da biznesinizi sonlandırmaq məcburiyyətində qalacaqsınız.
Deməli, öz işinizin sahibi olmaq bura qədər imiş.
Bəs əslində məsuliyyət kimin üzərinə düşür?
Şokolad kremli tort hekayəsi ilə vacib bir sual ortaya çıxır: burada qərarları tam olaraq kim verir? İlk baxışdan, elə görünür ki, sahibkarlar bütün gücə sahib olan müdirlərdir. Amma əslində, gördüyümüz kimi, onlar tamamilə öz istehlakçılarından asılıdırlar. Yaxşı sahibkarların sizə söyləyəcəyi kimi, bu işin məqsədi yalnız istehlakçılara xidmət etməkdir, başqa heç nə deyil. Onlar əsl müdirlərdir.
İqtisadçı Lüdviq fon Mizes "İnsan Fəaliyyəti" kitabında bu fikri ifadə etmişdir.
"Bazar cəmiyyətində bütün iqtisadi işləri idarə etmək sahibkarların vəzifəsidir. İstehsala nəzarət onların əllərindədir. Onlar sükan arxasındadır və gəmini idarə edirlər. Diqqətsiz bir müşahidəçi onların üstün gücə sahib olduğuna inanır. Lakin bu, belə deyil. Onlar kapitanın əmrlərinə qeyd-şərtsiz tabe olmalıdırlar. Kapitan isə istehlakçıdır. Nə sahibkarlar, nə fermerlər, nə də kapitalistlər nəyin istehsal olunacağını müəyyən etmirlər. Bunu edən istehlakçılardır. Əgər biznesmen bazar qiymətlərinin struktruna uyğun şəkildə ictimaiyyətin tələblərini yerinə yetirməsə, onda o, itkilərə məruz qalır, müflisləşir və bununla da, sükan arxasındakı nüfuzlu mövqeyindən kənarlaşdırılır. İstehlakçıların tələbini daha yaxşı şəkildə təmin edən digər biznesmenlər onun yerini əvəz edir.
Sahibkarlar çox gücə malik ola bilərlər, amma onların gücü tamamilə istehlakçıları qane etmək qabiliyyətindən asılıdır. Əgər sahibkar öz həqiqi müdirinin, yəni istehlakçısının istəklərini təmin edə bilməsə, o, dərhal işdən çıxarılacaq və yerinə başqası gələcək. Bu isə iflas etmək deməkdir.
Beləliklə, sahibkarlar çox vaxt biznes “imperiyasının” “kralları” kimi görünsələr də, reallıq bunun əksidir. "Maddi istehsal amillərinin sahibləri və sahibkarlar faktiki olaraq, istehlakçıların mandatarları və ya qəyyumlarıdır" deyə Mises yazır, "onlar hər gün təkrarlanan seçki ilə geri çağrıla biləcək şəkildə təyin oluna bilərlər".
Sahibkarların mahiyyətcə xidmətçilər olması və yekun nəticədə, qərar qəbul edənlərin istehlakçılar olduğu fikri istehlakçının suverenliyi kimi tanınır. Düzünü desək, hətta sahibkar olsanız belə, başqası üçün işləyirsiniz. Şühbəsiz ki, burada yaradıcılıq azadlığı üçün daha çox imkanlar mövcuddur. İstehlakçılar menecerlər qədər nəzarət etmirlər. Amma hətta sahibkar kimi də azadlığın hüdudları var.
Necə deyərlər, pulunu verən tütəyi çalar.
Sahibkarlıq sizinlə bağlı bir məsələ deyil
Bütün bunlardan mövcud və həvəskar sahibkarlar üçün mühüm əhəmiyyət kəsb edən bir nəticə ortaya çıxır və bu, tez-tez nəzərdən qaçırılır. Nəticə ondan ibarətdir ki, uğurlu olmaq istəyən sahibkarların istədikləri biznesi idarə etməyə deyil, istehlakçıların ehtiyaclarını qarşılamağa diqqət yetirməli olduqlarıdır.
Əksəriyyət üçün bu, çoxdan gecikmiş paradiqma dəyişikliyidir. İnsanların əksəriyyəti sahib olduqları maraq, yaxud da bacarığa uyğun olaraq biznesə başlayır və bunu satmağın yollarını tapmağa çalışır. Lakin bu, tamamilə əksinə prosesdir. Onların etməli olduqları şey - əgər hər halda uğur qazanmaq istəyirlərsə - cəmiyyətlərində qarşılanmamış ehtiyacları axtarmağa başlamaq və daha sonra onları qarşılamağın yollarını tapmaqdır.
Bütün bu “maraqlarınızı pula çevirmək” ideyası cəlbedici görünsə də, əslində sahibkarlıq bu demək deyil. Sahibkarlıq başqa insanların maraqlarına yönəldilmişdir. Bu isə sizin nə satmaq istədiyinizə deyil, istehlakçının nə almaq istəməsi ilə başlayır. Bu, "öz işinizin sahibi olmaq"la əlaqədar deyil. Bu, istehlakçını müdirinizə çevirmək və onlar üçün nə qədər dəyər yaratdığınıza nisbətdə mükafatlandırılmaqdır.
Mizes yazır: “Bazar iqtisadiyyatında sərvət əldə etmək və onu qoruyub-saxlamaq üçün kütləni onların istədikləri bütün mallarla ən yaxşı və ən ucuz şəkildə təmin etməkdən başqa yol yoxdur”. Siz marağınız və bacarıqlarınızın istehlakçı tələbi ilə üst-üstə düşdüyü sahələr tapa bilərsiniz və bu, möhtəşəmdir. Mümkün olduqda, bu istiqamətə yönəlin. Lakin işinizin ilk növbədə bu tələbi qarşılamaq olduğunu heç vaxt unutmayın. Öz maraq dairəsindəki layihəyə, istehlakçıların tələblərini gözardı edəcək qədər vurğun olan bir sahibkarın, çox keçmədən öz biznesi uğursuzluğa düçar olacaq.
Beləliklə, bəli, gəlin sahibkarlığı, yaradıcılığı və özünə inamı qeyd edək. Bununla belə, unutmaq olmaz ki, sahibkarların da bir müdiri, yəni istehlakçısı var və sahibkarlığın əsas məqsədinin digər insanların nə istədiyini anlayıb bunu onlara təmin etməyin yolunu tapmaqdır.
Bu məqalə "Creative Commons Attribution 4.0" beynəlxalq lisenziyasının şərtləri əsasında Patrik Kerrol və İqtisadi Təhsil Fondunun icazəsi ilə istifadə edilib. Məqalənin orijinalını burada tapmaq mümkündür.